Thursday, May 24, 2012


ANA VƏ KÖRPƏ

Erkən doğulmuş körpələrə qulluq- II hissə

22.05.2012 15:47
Yarımçıq doğulmuş uşağın da qidalandırılması onun çəkisindən, vəziyyətindən asılıdır. Məsələn, uşaq südü udmaq qabiliyyətinə malik deyilsə, südü onun mədəsinə xüsusi boru—zond vasitəsilə çatdırırlar. Uşağın çəkisi 2000 q-ı keçərsə, vəziyyəti yaxşılaşarsa, ona döş vermək mümkündür. Belə uşağa əvvəlcə gündə bir dəfə, sonra 2-3 dəfə, sonrakı günlərdə normal qaydada ana südü—döş verilir. (Südü əmmək uşaq üçün heç də asan iş deyil. Ona görə də həkimlər ilk dəfə onun vəziyyətinə baxır, hazır deyilsə, uşağa yenə boru vasitəsilə, ya da butulka və ya qaşıqla süd verirlər.)
Uşağın həzm sisteminin hazır olmaması, mədəsinin ölçüsünün kiçikliyi onun qidasının miqdarına da təsir edir. Yarımçıq doğulmuş çağaya ilk günlər bir dəfədə 10-15 ml, ikinci gün 15-20 ml, üçüncü gün 25-30 ml süd verilir. Sonrakı günlərdə verilən südün miqdarı uşağın çəkisinə əsasən müəyyən olunur.
Zəif yeyən uşağa hər 1,5-2 saatdan bir döş vermək lazımdır (gecələr də eyni qaydada). Problem yoxdursa, uşaq qusmursa, ona nə qədər istəyir, döş vermək olar. Ana südü ilə qidalanmırsa, yarımçıq doğulmuş uşağa hər 3 saatdan bir yemək verilməlidir (gecələr 6 saat fasilə verməklə).
Ancaq yarımçıq doğulan uşaq üçün ana südü hər şeydən vacibdir. Yarımçıq doğulmuş uşaq məhz anasının südünün tərkibindəki zəruri maddələrin köməyi ilə lazımi şəkildə inkişaf edə bilər. Ana südü yarımçıq doğulmuş körpələr üçün ən yaxşı qoruyucu vasitədir. Ananın südü yoxdursa, başqa anaya müraciət etmək lazımdır!
Ana südündən süni qidaya keçəndə ehtiyatlı olun. Süni qida əvvəlcə gündəlik qidanın 1/8-ni, ikinci gün 1/4-ni, üçüncü gün 1/2-ni təşkil etməlidir. Yarımçıq doğulmuş uşaq ana südündən süni qidaya tam olaraq 5-6 gün ərzində keçirilə bilər.
İndi hətta yarımçıq doğulmuş uşaqlar üçün qidalar istehsal olunur. Həkimlə məsləhətləşib, etibar etdiyiniz şirkətin hazırladığı məhsullardan istifadə edə bilərsiniz.
Əlavə qida yarımçıq doğulmuş uşaqlara daha tez verilir. Yarımçıq doğulmuş uşaqlara 1,5 aylığında meyvə püresi verilməlidir (əvvəlcə gündə 1 dəfə, çay qaşığının ucunda, sonrakı gün yarım çay qaşığı).Yarımçıq doğulan uşaqlara 6 aylığında 60 q, bir yaşında 100 q meyvə püresi vermək olar.

Xəstəxanadan çıxırıq
Adətən yarımçıq doğulmuş uşaqları, çəkisi 2000 q-a çatanda, uşağın orqanizmi bədən temperaturunu qorumağı bacaranda, fəal şəkildə qidalananda, qan analizlərinin göstəriciləri normal olanda xəstəxanadan çıxarırlar. Anaların xəstəxanadan tez çıxmağa can atması anlaşılandır, amma ana uşağının vəziyyətini nəzərə almalı, tək qalanda körpəsinə qulluq etməyi bacarmalıdır. Xəstəxanadan çıxandan sonra bütün məsuliyyət ananın üzərinə düşür. Ana hər şeydən əvvəl südünün gəlməsinə çalışmalı, əlindən gələni eləməlidir.

Vanna
Suya girməyə hazır olan kimi yarımçıq doğulan uşağı çimdirmək lazımdır. Su, onlar üçün çox doğmadır. Yarımçıq doğulmuş uşaq ilk günlər temperaturu 36-37° olan suda çimdirilməlidir. Sonralar suyun temperaturunu yavaş-yavaş endirmək, 32-34°-ə salmaq olar. Çəkisi 1 kq-dan az olan uşaq yalnız 4 həftəsi tamam olandan sonra çimdirilə bilər. Hələ ki, onun bədənini silə bilərsiniz.

Hava vannası
Hava vannası (paltarını dəyişdirəndə uşaqlar onsuz da belə vanna qəbul etmiş olurlar) birinci ay 3-4 dəqiqədən artıq çəkməməlidir (yarımçıq doğulmuş uşaqlar gündə 3-4 dəfə belə vanna qəbul edə bilərlər). Sonralar hava vannasının müddətini 10-12 dəqiqəyə qədər uzatmaq olar.
Yarımçıq doğulmuş uşağın çəkisi 1300 q-a çatıbsa, bir aylığında onu qarnı üstündə uzatmaq olar. Əvvəlcə onu bu halda cəmi bir neçə dəqiqə saxlayın. Sonralar müddəti uzadın; gündə 3-4 dəfə 10 dəqiqəliyə qarnı üstə qoyun.

Massaj
Yarımçıq doğulmuş uşağın çəkisi 1800 q-a çatıbsa, bir aylıq uşağın qarnını yüngül massaj etsəniz yaxşı olar. Ümumi massaja uşağın çəkisi 3 kq-a çatanda başlamaq olar. Unutmayın ki, bu işi siz yox, peşəkar massajist görməlidir. İlk günlərdə 3-5 dəqiqəlik seans kifayətdir.
3-4 ayından sonra massaja gimnastika elementləri əlavə etmək olar. Zəif və yarımçıq doğulmuş uşaqlar üçün xüsusi gimnastika hərəkətləri kompleksi var. Fizioterapevtə müraciət etsəniz, sizə bu işdə yardımçı olar.
Gəzinti
Yarımçıq doğulmuş uşaq 2-3 həftəliyində (çəkisi 2000 q-ı keçibsə!) təmiz havada gəzintiyə çıxarıla bilər. Havanın hərarəti 10-12°С-dirsə, uşağı gündə 2-3 dəfə (hər dəfə 30-40 dəq) gəzdirmək olar.

Yarımçıq doğulmuş uşaqlara peyvənd və vitaminlər fərqli vaxtlarda verilir. Həkimlə əlaqə saxlayın, peyvənd və vitaminləri vaxtında verməyi unutmayın.

No comments:

Post a Comment